Azərbaycan və Hindistan arasında turizm əlaqələri ildən-ilə genişlənir. Bu istiqamətdə sağlamlıq turizmi sahəsində əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana bu ölkənin 25 yanvar Milli Turizm Gününə həsr olunmuş tədbirdə bildirib.
“Bu bayram Hindistanın bütün xalqlarını, tarixini, mədəniyyətini ehtiva edir. Ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan turizm bir çox iş imkanları açır. Bizə Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdən turistlər gəlir”, – səfir qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycana 70 minədək hindistanlı turist gəlsə də, Hindistana yollanan azərbaycanlı turistlər elə də çox deyil.
“Ümidvarıq ki, bu kimi tədbirlər azərbaycanlıları da Hindistana daha çox gəlməyə vadar edər”, – diplomat vurğulayıb.