Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, “e-Commers” işçi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin əsas məqsədi Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının elan etdiyi birgə müsabiqəyə təklif olunan “Şərqi Asiyadan Avropaya yük axınlarının səmərəliliyini təmin edən rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması məqsədilə Azərbaycan və Özbəkistanda logistika sektorlarının rəqəmsallaşdırılması üçün texnoloji əsasların və yol xəritələrinin hazırlanması” adlı layihənin müzakirəsi olub.
T.Babayev Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektor əvəzedicisi, professor Əbdüləziz Gülamov və elmi işlər və innovasiya üzrə prorektoru professor Səid Şaumuradovla görüşüb, hər biri ilə birgə layihəni və beynəlxalq konfranslarda iştirak məsələlərini müzakirə edib.
Görüşdə Azərbaycanda keçiriləcək “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” 2-ci beynəlxalq konfransı barədə məlumat verilib. Daşkənd Dövlət Nəqliyyat Universiteti İdarəetmə Sistemləri İnstitutu ilə birlikdə bu konfransın təşkilatçılarıdır.
Professor Əbdüləziz Gülamov Daşkənd Dövlət Nəqliyyat Universitetinin nümayəndələrinin konfransda aktiv iştirak edəcəklərini bildirib, növbəti ildə keçiriləcək tədbirlərdə əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin yerinə yetirilməsi istiqamətində yeni imkanlar yaranacağına əminliyini ifadə edib.