Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir.
Trend-in məlumatına görə, müqavilə sərgiyə hazırlıq məqsədi ilə keçirilən birinci beynəlxalq planlaşdırma görüşü zamanı Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov, “Ekspo 2025”in baş katibi Hiroyuki İşige (Hiroyuki Ishige) və “Ekspo 2025” in baş komissarı Koji Haneda (Koji Haneda) arasında imzalanıb. Tədbirdə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Sərgiyə hazırlıq məqsədilə 25-26 oktyabr tarixlərində keçirilən beynəlxalq planlama görüşündə 100-dən çox ölkə təmsil olunur. Görüşdə “Ekspo 2025”dəki pavilyonların qurulması, sərgilərin hazırlanması ilə bağlı məlumatlar təqdim edilir.
Budəfəki dünya sərgisi 2025-ci ildə 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (“Designing Future Society for Our Lives”) mövzusunda keçiriləcək.