Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
Layihənin reallaşmasında Azərbaycanın rolu və onun ölkəyə verəcəyi dividendlər nədən ibarətdir?
Bununla bağlı “Report”a açıqlama verən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev bu layihədə müxtəlif istiqamətləri birləşdirən nəqliyyat qovşağı kimi aparıcı rolun məhz Azərbaycana məxsus olduğunu bildirib.
O deyib: “Azərbaycan ərazisindən dəhlizin bir hissəsinin keçməsinə baxmayaraq, ölkə “Şimal-Cənub” layihəsinin reallaşmasında həlledici rol oynayır. Çünki müxtəlif istiqamətləri birləşdirən nəqliyyat qovşağı kimi aparıcı rol məhz Azərbaycana aiddir. Azərbaycan dəhlizin keyfiyyətini Hindistanı Rusiya ilə birləşdirən ayrıca layihə şəklində deyil, “Şimal-Cənub”un meridianını “Bir kəmər – bir yol” layihəsinin seqmentləri ilə birləşdirən multimodal kommunikasiya qovşağı şəklində gücləndirir. Bunun məhz Azərbaycanda baş verməsi ölkəni yüklərin transnövlü ötürülməsində nəqliyyat habına çevirir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan sadəcə tranzit tariflərindən gəlir götürən tərəf deyil, həm də “Azərbaycan Dəmir Yolları” və “ASCO” nun timsalında dəhlizin vacib daşıyıcısıdır”.
“Başa düşmək lazımdır ki, iştirakçılara yalnız müəyyən zaman keçdikdən sonra real mənfəət gətirən istənilən qəliz nəqliyyat layihəsi kimi, “Şimal-Cənub”da uzunmüddətli siyasi və iqtisadi diqqət tələb edir. Bu layihədə Azərbaycanın siyasi müstəvidə əldə edəcəyi dividendlərə gəlincə onu demək istərdim ki, dəhliz ətrafında uzunmüddətli perspektivdə Hindistan iqtisadiyyatının inkişaf potensialından istifadə edəcək qəliz geosiyasi mövqe, fərqli iqtisadi dinamikalı ölkələr qrupunun formalaşması mühüm yer tutur. Qeyd etmək lazımdır ki, 2020-ci ilin sonu 2030-cu illərin əvvəlinə Hindistan iqtisadiyyatı liderliyə yüksələ, ən azından ABŞ və Çinlə yanaşı, 3 ən böyük iqtisadiyyatdan biri ola bilər. Əsas dividend məhz bundan ibarətdir”, – A.Karavayev vurğulayıb.
Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Azərbaycan “Şimal-Cənub” layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə – 3 milyon ton, ikinci mərhələdə – 5-8 milyon ton, üçüncü mərhələdə – 15 milyon ton təşkil edəcək.