Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib.
“Report” xəbər verir ki, “Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.
Forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldənə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, bu sahələr arasında hüquqi tənzimləmələrin aparılması, hüquq sahəsində elektron sistemlərin tətbiqi, sahibkarlıq və kənd təsərrüfatı sahəsində subsidiyalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunması, sosial sahədə inkişaf perspektivləri, “sosial lift” proyektlərinin önəmli rolu mövzularına toxunulub. Bu mövzular ətrafında müasir tələblərə cavab verən rəqabətli insan kapitalına ölkənin bütün sahələrində olan ehtiyacın vacibliyi vurğulanıb.
Bundan əlavə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Vətən müharibəsinin iştirakçısı Fərrux Məhərrəmli dövlət tərəfindən müharibə iştirakçılarına yaradılan imkanlardan, insan amilinə ölkəmizdə qoyulan yüksək dəyərdən, məqsədlərinə və hədəflərinə nail olan Azərbaycan xalqının nümayəndələri olaraq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra daha böyük uğurlara imza atacağımıza olan inamından bəhs edib.
“Yüksəliş” müsabiqəsi iştirakçıları Forumun sonunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər. Bəyanatda bildirilib ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunması uğurla davam etdirilib və Azərbaycan ötən illər ərzində tarixi nailiyyətlərə imza atıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib. Cənab Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, odur ki, təhsilə qoyulan vəsait ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Bu gün də Azərbaycanın əsas gücü onun intellektual potensiala, zamanın tələbinə uyğun müasir bacarıqlara və yüksək vətənpərvərliyə malik olan vətəndaşlarıdır. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər önəmli yer tutur. Bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət kimi keyfiyyətlərə malik vətəndaşların seçilməsi və dəstəklənməsi məqsədilə cənab Prezident İlham Əliyevin Sərəncamlarına əsasən 2019-cu ildən etibarən keçirilən ilk “sosial lift” yarışı – “Yüksəliş” müsabiqəsi bu siyasətin bariz nümunələrindən biridir.
“Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını, bu məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hazır olduqlarını bildiriblər. Onlar qalib ölkənin qalib vətəndaşları olaraq regionda yeni reallıqlar yaratmış liderimiz – müstəqil, qüdrətli, firavan Azərbaycanımızın Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.