SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 2024-cü il iyulun 15-dən bazarın konyunkturuna uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.