“Abşeron dairəvi dəmir yolu xəttində “WiFi” şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün test prosesləri yekunlaşıb”.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Məlumat-Hesablama Mərkəzi Departamentinin rəisi David Əliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı pilot layihə həyata keçirilir: “Layihə uğurla ucra olunsa dairəvi dəmir yolu xətti üçün layihələndirməyə başlanılacaq. Gələcəkdə ölkədə bütün qatarlarda “WiFi” şəbəkəsinin qurulması nəzərdə tutulur”.
Xatırladaq ki, martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.