Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelekom” MMC dövlət qurumları üçün “Microsoft” məhsullarının pulsuz paylanması ilə bağlı müqavilənin uzadılmasını planlaşdırmır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “AzInTelekom”dan bildirilib.
Açıqlamaya görə, hazırda qurumlar özləri birbaşa ödənişləri həyata keçirirlər:
“2018-ci ildə “AzInTelecom” MMC tərəfindən dövlət qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsasən dəstək məqsədilə onlara lisenziyalar paylanılıb və dövlət qurumları “Microsoft” məhsulları ilə 3 illik ödənişsiz olaraq təmin edilib.
Hazırda isə lisenziyanın yenilənməsi məqsədilə bir sıra dövlət qurumları fərdi qaydada “Microsoft” şirkətinə müraciət edirlər”.
Qeyd edək ki, bir sıra dövlət orqanlarının İT üzrə məsul şəxsləri “Microsoft” məhsullarının qiymətlərinin yüksək olmasından və nəticədə qurumun illik büdcəsinin kifayət qədər böyük hissəsinin məhz bu məhsulların lisenziyalarının alınmasına xərclənməsindən şikayətlənir.
Onlar lisenziyaların yenidən pulsuz paylanmayacağı təqdirdə pulsuz sistemi olan “Linux” və ya digər alternativlərə keçid edəcəklərini bildiriblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) də qeyd edilən problemdən xəbərdar olduqlarını və onun həlli istiqamətində müzakirələr aparmaq niyyətində olduqlarını açıqlayıb.