“Azərbaycanda “Ümumi (Fərdi) Məlumatların Qorunması Qaydaları”nın (General Data Protection Regulation – GDPR) hazırlanması üçün işçi qrupu yaradılıb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçiriləcək “Kibertəhlükəsizlik həftəsi”nə həsr edilmiş mətbuat konfransında “Report”un sualını cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.
O əlavə edib ki, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır: “Həmin sənəd qəbul olunandan sonra bundan irəli gələn normativ aktların qəbulu nəzərdə tutulur. Bu istiqamətdə də işlər aparılır. Xüsusi olaraq deyim ki, fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır, yüksək səviyyəli işçi qrupu formalaşıb. Nazir müavininin rəhbərliyi altında bu proses gedir. Bu qanunlara dəyişikliklər baş verəcək. Ümumiyyətlə, fərdi məlumatların qorunmasına yanaşmamız da dəyişə bilər”.
Xatırladaq ki, ötən ilin may ayında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) keçmiş icraçı direktoru Natəvan Məmmədova “Report”a açıqlamasında bildirmişdi ki, Onlar GDPR-la bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etməyə hazırlaşır.