Bu ilin I yarısında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 285 975 şəxs qəbul edilib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onlara 538 603 sayda xidmət göstərilib ki, bunlardan 147 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 127 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 87,7 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
– bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
– qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
– vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
– sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
– vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
– fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
– “ASAN İmza” sertifikatlarının verilməsi;
– vergi ödəyicilərinə arayışların verilməsi;
– vergi ödəyicisinin fəaliyyətinin bərpası;
– fiziki şəxsin uçotdan çıxarılması.
6 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 13,8 mindən çox yazılı müraciət cavablandırılıb, 7 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 862 mindən yuxarı SMS göndərilib.
Hesabat dövründə 1 823 vergi ödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 2 375 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.