Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində avtomobil sərgisi təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.
Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Onlar avtomobil sənayesinin aparıcı istehsalçılarının ən son yeniliklərini kəşf etmək imkanı qazanıblar.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.
İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, festivalın məqsədi regionda avtomobil idmanını populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.