Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 7-si və 8-də keçiriləcək konfransda 50 xarici, 110 yerli nümayəndə, eləcə də 40 beynəlxalq təşkilat iştirak edəcək.
İki plenar və üç paralel iclasdan ibarət olacaq konfransda yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirə və çıxışları dinləniləcək.
Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
Həmçinin vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, qlobal məqsədlərin formalaşdırılması, DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsinin artırılması, müsbət və mənfi təcrübələrdən faydalanılması, DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi, eləcə də DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması konfransın əsas məqsədlərindəndir.
Əsas hədəf qrupuna dövlət qurumlarında, özəl sektor təşkilatlarında, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə çalışan, o cümlədən, ali təhsil müəssisələrində təhsil alan və çalışan şəxslər aiddir.
Konfransda iştirak üçün DOST Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçmək olar: https://dost.gov.az/page/sep2023