Azərbaycanda İmmunlaşdırma həftəsi keçirilir

2007-ci ildən başlayaraq, Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşəbbüsü ilə İmmunlaşdırma həftəsi keçirilir.

Turk.az-ın xəbərinə  görə, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzinin direktoru İmran Abdullayev “Avropa İmmunlaşdırma Həftəsi” nə həsr edilmiş mətbuat konfransında deyib ki, aprelin 23-29-da keçirilən tədbirin məqsədi “Vaksinlər çalışır” mövzusuna əsaslanaraq, immunizasiyanın vacibliyinə xüsusi diqqət yetirməklə əhaliyə geniş məlumat verməkdir.

O qeyd edib ki, İmmunlaşdırma Həftəsinin keçirilməsində əsas məqsəd peyvənddən kənarda qalan uşaqları peyvəndləşməyə cəlb etməkdir: “Məsələn, il ərzində 500 uşaq peyvəndləşməyə cəlb olunmursa, bu həftə ərzində bu uşaqlar cəlb olunacaq və immunlaşma həyata keçiriləcək.  Təbii ki, bu işdə yüz faiz nəticə əldə etmək mümkün deyil. Çünki bu, həm əhalinin fəallığı, həm də təşkilatçılıqla əlaqəlidir. Azərbaycan peyvəndlə əhatə olunmada yüksək nailiyyətlər əldə edib”.

Mətbuat konfransında çıxış edən ÜST-ün Azərbaycan nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib ki, bu kimi tədbirlərin aparılması üçün Azərbaycanda  mühüm işlər görülür: “Azərbaycan bu sahədə çox böyük uğurlar əldə edib və gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq”.

ƏvvəlkiGürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın olub
NövbətiDövlət Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olunub