Təhsil və İqtisadiyyat nazirlikləri rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinə start verir.
“Report” xəbər ki, 2022-ci ilin avqust ayında başlayacaq layihə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.
Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsil alanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq.
Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidir. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən 300 namizəd “İT-Akademiya”nın tələbəsi olacaq.
Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindəndır. Rəqəmsal iqtisadiyyatın potensialından daha çox istifadə etmək bacarığı böyük rəqabət üstünlüyü yaradır. Bu sahədə insan kapitalının inkişafı xüsusilə önəmlidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır.
“İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri üzrə lazımi biliklər əldə edəcəklər.
Dərslər iki mərhələ üzrə – 2022-ci ilin avqust və noyabr aylarında keçiriləcək. Tədris onlayn və əyani rejimdə olmaqla 5 ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəkllər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda “İT-Akademiya”nın məzunları asanlıqla iş tapa biləcəklər.
“İT-Akademiya”da təhsil almaq istəyənlər bu keçiddən istifadə etməklə qeydiyyatdan keçməlidir.