“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ilə əlaqədar “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması koalisiyasının koordinatoru Samir Həsənov AZƏRTAC-a müsahibə verib. Türk.az həmin müsahibəni təqdim edir.
– 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini necə qiymətləndirirsiniz?
– Dövlət başçısı tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini bütün dünyada iqlim dəyişikliyinin sürətlə baş verdiyi bir dövrdə vaxtında verilən düzgün qərar kimi qiymətləndirərək alqışlayıram. Arzu edirdim ki, “Yaşıl dünya naminə həmrəylik ili” bütün dünyada elan edilsin və planetimizin üzləşdiyi iqlim dəyişikliyinə qarşı qlobal tədbirlər görülsün. Hazırda müharibələr məngənəsində sıxılan dünyamızın böyük ekoloji problemləri var. Karbohidrogen ehtiyatları tükənmək üzrədir, okeanlar plastik tullantıların anbarına çevrilib, atmosferdə ozon dəliklərinin həcmi genişlənib, orta illik temperatur hər il davamlı olaraq qalxmaqda davam edir ki, bu da planetimizin ağciyəri funksiyasını yerinə yetirən meşələrdə böyük yanğınlara gətirib çıxarır. Nəticədə biomüxtəlifliyin qorunması böyük sual altındadır.
Son dövrlər ətraf mühitin yaxşılaşdırılması yolunda dövlətimiz tərəfindən çox mühüm addımlar atılır. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet arasında təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlı prioritet də var. Digər tədbirlərdən Bakı şəhərinin Baş planına görə göllərin, torpaq sahələrinin təmizlənməsi, yaşıl hibrid dəhlizlərin yaradılmasını, avtomobillərin utilizasiyası fondunun yaradılmasını qeyd etmək olar. Məlumdur ki, artıq 10 ildən artıq istismarda olmuş avtomobillərin ölkəyə gətirilməsi qadağan olunub. Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 faizindən çoxunun istehsal ili 20 il və daha çoxdur. Utilizasiya fondunun köməyi ilə ölkənin avtomobil parkı cavanlaşacaq. Elektromobillərə tətbiq edilən idxal gömrük rüsumu 0 faizə endirilib və bu elektromobillərə keçid prosesini daha da sürətləndirəcək.
– COP nədir və onun Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
– COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Tərəflər deyəndə Konvensiyaya üzv olan 198 ölkə nəzərdə tutulur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir.
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.
Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası hökuməti adından, Ekologiya və Təbii Sərvətlər naziri imzalayıb.
COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
Bildiyimiz kimi İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr qlobal karbon qazı ifrazını azalda bilməzlər. Bunun üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond yaradılır.
Maliyyə dəstəyi olmadan inkişaf etməkdə olan ölkələr bərpa oluna bilən təmiz enerji mənbələrinə keçid edə bilmirlər.
COP29 iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
Bildiyimiz kimi, Azərbaycan əvvəlki illərdə böyük mötəbər tədbirlərə ev sahibliyi etmək şansına sahib olub və bu tip tədbirləri yüksək səviyyədə həyata keçirib. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29 yaşıl dünyamızı qorumaq baxımından bütün dünya ölkələri üçün çox faydalı olacaq.
– Koalisiya olaraq həm həmrəylik ili çərçivəsində həmdə COP29 ilə bağlı 2024-cü ildə hansı tədbirləri həyata keçirməyi planlaşdırırsınız?
– Bizim koalisiya “Yaşıl dünya uğrunda” vətəndaş cəmiyyəti koalisiyası 3 il əvvəl Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən QHT-lər arasında ekoloji təlimlər nəticəsində yaranıb. Koalisiyada iştirak edən QHT-lərin əsas məqsədi ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirməni həyata keçirməkdir.
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Azərbaycanda ekoloji maarifləndirməni həyata keçirmək üçün koalisiyamız önündə geniş perspektivlər açır. Bu il ənənəvi olaraq koalisiyada birləşən QHT-lər daha çox ekoloji tədbirlərdə iştirak edərək bu sahədə həm özlərinin savadlanmasına gələcəkdə isə daha çox vətəndaşımızın maariflənməsinə yardım etmiş olacaqlar.