Azərbaycanda məlumat təhlükəsizliyi üzrə nəzarət mexanizmlərinin düzgün qoyulub-qoyulmadığı ciddi yoxlanılmalıdır.
Bu sözləri Türk.az-a açıqlamasında PASHA Holdingin İnformasiya texnologoyiları üzrə Audit mərkəzinin rəhbəri Azər Əlili bildirib.
Qeyd edək ki, Azər Əlili yaxın günlərdə Dubayda keçirilən “Təhlükəsizlik Tədbirləri sektorunda yenilikləri göstərən lider” tədbirində (https://isnrabudhabi.com) ölkəmizi təmsil edib. Ölkəmizdə İT audit sahəsi üzrə ən çox təcrübə, beynəlxalq sertifikatlar, seminar iştirakçısı və yerli və xarici bir çox şirkətə konsultasiya verməklə lider xüsusiyyətləri özündə birləşdirən Azər Əlili bildirib ki, İnformasiya Texnologiyalarının artıq iş həyatının hər sahəsində çox əhəmiyyətli yeri var. Texnologiyanın alətləri sayəsində müxtəlif işləri yerinə yetirə bilir. “Kompüterdə bir çox hesabatlar yaradaraq, lazımi sorğular həyata keçirərkən, maraqlı tərəflərə təklif olunan xidmətlərin səmərəliliyi və müxtəlifliyini artırır, bununla da məlumatı çox sürətlə paylaşa bilirik”, – deyə vurğulayıb.
2011-ci ildən PASHA Holdingdə İT Auditin qurulmasında iştirak və rəhbərlik edən Azər Əlili 2019-cu ildə daha da peşəkar komanda formalaşdıraraq 10 nəfərdən çox əməkdaşı olan İTEC (İnformation Technology Excellence Center) altında İT audit yoxlamalarının aparılmasını artıq daha ətraflı və beynəlxalq standartlar çərçivəsində olmasını təmin edib.
A.Əlili bildirib ki, hüquqi öhdəliklər və reputasiya ilə bağlı narahatlıqlar təşkilatları böyük büdcələrlə təhlükəsizliyə investisiya qoymağa məcbur edir: “Bununla belə, nə qədər təhlükəsizlik kifayət edəcək? Bu suala cavab vermək çox çətindir. Bunun həddihüdudu ilə bağlı qəti qərara gəlmək mümkün deyil. Hər keçən gün yeni hücum modeli və ya bahalı sistemlərdə kiçik bir zəifliyin istismarı nəticəsində məşhur şirkətlərdən əhəmiyyətli məlumat sızması ilə bağlı xəbərlər gəlir. Təhlükəsizliyə nəzarət və nəzarət mexanizmlərindəki zəifliklər əsas təhlükəsizlik prinsiplərinin nə dərəcədə yerinə yetirildiyi və ya pozulduğu dərəcəsi əsasında qiymətləndirilir. Bunun nəticəsində qarşılaşdığımız əsas risklər isə reputasiyanın itirilməsi, maliyyə itkisi və requlyatorun və standartların tələblərinin pozulmasıdır. Hamımızın bildiyi kimi, proseslərə nəzarəti mütəmadi olaraq izləmək və qiymətləndirmək vacibdir. Nəzarət mexanizmlərinin layihələndirilməsi, həyata keçirilməsi və icrasına cavabdeh olan şəxslərdən başqa biri tərəfindən qiymətləndirilməsi qiymətləndirmənin keyfiyyətini artırır. Təşkilatların ümumilikdə informasiya təhlükəsizliyinə və xüsusilə kibertəhlükəsizliyə nəzarəti müstəqil və səlahiyyətli bir yanaşma ilə yoxlanılmalı və qiymətləndirilməlidir”.
Qeyd edək ki, Azər Əlili 2007-ci ildən İT sferasında çalışır. Bu keçən illərdə İT audit, informasiya təhlükəsizliyi, İT risklərin idarəedilməsi sahələrində bir çox beynəlxalq sertifikat və mükafatlara layiq görülüb. 2019-cu ildən təşəbbüsü ilə qurulan İT Audit yoxlama mərkəzində bu sahədə potensiallı gənclərin yetişdirilməsi, inkişafı ilə məşğul olur. Öz komandası ilə ölkənin ən böyük struktura malik holdinginin bütün strateji aktivləri üzrə İT Auditlərə rəhbərlik edərək bu sahə üzrə ölkəmizdə əvəzsiz təcrübə və biliklərə malikdir.