“Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin 1654 nəfəri uşaqdır”.
“Report” xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir: “Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur. Uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb. Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya (hərəkətin azlığı) şəkərli diabetin yaranmasına səbəb olur”.
B.Salek bildirib ki, keçən ilin statistikasına görə, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 min 057 şəkərli diabet xəstəsi qeydiyyatda olub.
Mərkəzin direktor müavini qeyd edib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər xəstəlikləri ağırlaşdırır: “Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəlikləri yaradaraq insan ölümünə səbəb ola bilir”.