Yasamal Rayon Məhkəməsi “Scandens Pharmaceutical İndustries LTD” MMC-nin 53 747 avro cərimə edilməsi (təxminən 100 min manat) barədə qərar çıxarıb.
“Report”un xəbərinə görə, Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.
Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.
Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2016-cı ilin iyulunda Azərbaycanda yaradılan “Scandens Pharmaceuticals İndustries Ltd” MMC tərəfindən 2017-ci ildə Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməli qoyulub.