Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.
Türk.az Demokrat.Az-a istinadən xəbər verir ki, bu cür vəsiqənin nə kimi üstünlüklərə malik olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlama verib.
Şöbə rəisi bildirdi ki, həqiqətən də ölkəmizdə beynəlxalq sürücülük vəsiqələrinin verilməsi həyata keçirilir. Bu addımın atılması həm Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Belə ki, bəzi xarici dövlətlərdə vətəndaşlarımız avtomobil idarə edəndə, yaxud icarəyə avtomobil götürmək istəyəndə onlara milli sürücülük vəsiqələrində olan yazılarda latın əlifbasında olmayan bir neçə hərf səbəb gətirilərək bundan imtina edilir və ya irad bildirilirdisə, artıq məlumatları 9 xarici dildə göstərilən bu vəsiqələr beynəlxalq standartlara uyğun olmaqla bütün xarici ölkələrdə keçərlidir.
Yəni Azərbaycanda milli vəsiqəyə malik alan hər bir vətəndaşımız beynəlxalq sürücülük vəsiqəsi də əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər”. Kamran Əliyev bildirib ki, istənilən Azərbaycan vətəndaşı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək beynəlxalq sürücülük vəsiqəsi ala bilər.
Belə vəsiqələr yalnız milli sürücülük vəsiqəsi olan, eləcə də ilk dəfə sürücülük hüququ əldə etmiş şəxslərə milli sürücülük vəsiqələri ilə eyni vaxtda verilə bilər. Şöbə rəisi onu da vurğulayıb ki, milli sürücülük vəsiqəsi olmayanlar beynəlxalq vəsiqəni əldə edə bilməzlər. Çünki beynəlxaq sürücülük vəsiqəsini harasa təqdim etdikdə milli vəsiqə də mütləq təqdim olunmalıdır. Bunsuz beynalxalq vəsiqənin heç bir hüququ qüvvəsi olmur.