Bakıda “Yer saatı 2023” (Earth Hour 2023) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Söndür. Planetimizə bir saat ayır” şuarı altında keçirilən aksiya IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Aksiya iştirakçıları martın 25-də Dədə Qorqud parkında toplaşaraq təntənəli gerisayımla saat 20:30-da ətrafdakı işıqlarının söndürülməsinə müşahidə edib, kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və kütləvi əyləncə proqramında iştirak ediblər. Yüzlərlə gəncin qoşulduğu “Yer saatı 2023” aksiyası zamanı şən fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər iştirakçıların böyük marağına səbəb olub.
“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.
Beynəlxalq “Yer saatı 2023” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulan hər kəsə təşəkkür edir, binalarının işıqlarını söndürən bütün qurum və təşkilatlara, o cümlədən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, “Baku Crystall Hall”, Milli Gimnastika Arenası, ADA Universiteti, “Alov qüllələri” kompleksi, “Dalğa Plaza”, “Yeni Həyat Şirkətlər Qrupu” MMC, Naxçıvan Dövlət Universiteti THİK, Mingəçevir Gənclər Evi, Paşa Malls və Pasha Property Management-ə dərin minnətdarlığını bildirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirməyə çağırır.