Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Komitədən “Report”a verilən məlumata görə, Bakı-Doha aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı “yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl yükü və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni “Qırmızı kanal” buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.
Bundan sonra vətəndaşın əl yükü və üst geyimi aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında rentgen aparatından keçən zaman monitorda kağız pulların təsviri görünüb. Beləliklə sərnişində gömrüyə bəyan edilməyən malların olması barədə gömrük əməkdaşında əsaslı şübhə yaranıb və o saxlanılaraq çantasındakı əşyalar barədə sorğu-sual olunub. Sorğu-sual zamanı çantasının alt hissəsində yalnız taxta olduğunu bildirən vətəndaş, yoxlamanın davam etdiriləcəyini görəndən sonra həmin taxtanın arasında valyuta olduğunu etiraf edib.
Nəticədə qara rəngli əl çantasının içərisində eyni rəngdə parça örtüyə salınan altlıq kimi düzəldilən karton və laminat materialdan olan lövhələrin arasında malların aşkar edilməsini çətinləşdirən üsulla gömrük nəzarətindən gizlədilən 28 000 ABŞ dolları və 3500 avro aşkar edilib
Daha sonra, vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o 1377 ABŞ dollarını və 75 avronu əynindəki boz rəngli şalvarın cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 29 377 ABŞ dolları və 3 575 avro aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.