Azərbaycanın əməkdar artisti intihar etdi

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Rəşid Səməndər özünü Binəqədi rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

Lent.az məlumat verir ki, 45 yaşlı aktyor mərhum sənətkar Səməndər Rzayevin oğludur.

Rəşid Səməndər 5 mart 1975-ci ildə anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışıb. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən R.Rzayev öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, rəngarəng, çox maraqlı, yaddaqalan obrazlar yaradıb. Onlardan N.Hacızadənin “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan, B.Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasında Yanq Çunq, Sofoklun “Şah Edip” tamaşasında Kreont, R. Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında Andronik, H.Həsənovun “Brüsseldən məktublar” tamaşasında Nəcəf, A.Şaiqin “Eloğlu” tamaşasında Səməndər kimi obrazlar Rəşid Rzayevə tamaşaçı rəğbəti və məhəbbəti gətirib.

Bir neçə il əvvəl aktyor əsəb pozğunluğundan əziyyət çəkdiyi üçün teatrdan işdən azad edilib. Müalicədən sonra İrəvan Dövlət Azərbaycan teatrında işə başlayıb.

Aktyorun intihar etməsi də psixoloji durumu ilə bağlıdır.

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

ƏvvəlkiPeşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
NövbətiMilli Məclisin növbəti plenar iclasında 6 məsələ müzakirəyə çıxarılacaq