Azərbaycanın 9 cüdoçusu aprelin 23-də Türkiyənin Antalya şəhərində start götürəcək gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu, yarış öncəsi beynəlxalq hakimlərin göz tibbi təsnifatları nəticəsində müəyyənləşib.
Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın tibbi təsnifatları tam bitmədiyindən, növbəti yarışlarda onlar üçün yenidən təsnifat olacaq.
Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər əlavə sənədlər istəyiblər.
Tibbi təsnifatdan cəmi 6 cüdoçu – kişilərdən İsmayıl Muradov (60 kq), Namiq Abaslı, Anar İsmayılzadə (hər ikisi 73 kq) və Saleh Sultanov (90 kq), qadınlardan isə Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) keçiblər. Beləliklə, ilk yarış günündə Muradov, Abaslı və İsmayılzadə, aprelin 24-də isə Sultanov, İmamverdiyeva və İsmiyeva tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına qədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi göstəricilərinə görə iştirak edəcək idmaçıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.