Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 26-da Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edirik.
Türk.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin bəyanatında yer alıb.
Azərbaycan nümayəndə heyəti bəyanatda bildirir ki, ölkəmizin Avropa Şurasına üzv olduğu uzun müddət ərzində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olmuş, bir milyona yaxın azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkünə çevrilib. Lakin ötən dövrdə bu məsələlər Konqresdə heç vaxt xüsusi olaraq müzakirə olunmayıb, beynəlxalq hüququn kobud şəkildə pozulması və onun humanitar nəticələri ilə bağlı açıq şəkildə heç bir mövqe ortaya qoyulmayıb. Bundan başqa, 2020-ci ildən sonrakı postmünaqişə dövründə Azərbaycanın üzləşdiyi humanitar problemlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinə və bütün bunların azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına təsirinə diqqət yetirilməyib:
“Bütün bunların fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur. Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində göstərdiyi ardıcıl səylər, habelə Ermənistanın həmin səyləri sarsıtmağa yönəlmiş təxribatçı fəaliyyəti Konqresin bu bəyannaməsində lazımi səviyyədə tanınmamışdır.
Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik. Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq”.