ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan “Report”a verilən məlumata görə, aksiyada, San-Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil olunub.
Tədbirdən öncə “Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının direktoru Paul DeLessio ilə görüş keçirilib. Görüşdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Heydər Əliyevin xalqın təkidilə ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdiyi, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində əvəzsiz rol oynadığı vurğulanıb. Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan və inkişaf edən ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.
“Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatı Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San-Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Bildirilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.
Qeyd edək ki, San-Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.