Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulandı, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edildi.
Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirildi.
Eyni zamanda, iki ölkə arasında iqtisadi-ticari, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olundu.