Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib. Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Baş nazir Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.
Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev də iştirak edib.