Azərbaycanın fenomeni – Bu gün Banişevskinin doğum günüdür – VİDEO

Sahəsindən asılı olmayaraq, bu dəyərlər heç vaxt unudulmamalı, yaddan çıxmamalıdır. İllər keçsə də, əsrlər ötsə də, gələcək nəsillər bu dəyərlərdən mütləq xəbər tutmalıdır.

Bu gün Azərbaycan futbolunun ən böyük simalarından biri olan Anatoli Banişevskinin doğum günüdür. Maradona, Messi Argentina, Pele Braziliya, üçün kimdirsə, “Tolik” də bizim üçün eyni dəyərdə əfsanədir. Təəssüf ki, indi yalnız xatırlamaqla kifayətlənirik. Ondan bizə qalan çox az xatirələr var.

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda dünyaya gəlib. O, 1964-cü ildən “Neftçi”nin uğurları üçün çalışmağa başlayıb. “Ağ-qaralar”ın heyətində olduğu zaman Rusiya klublarından dəfələrlə təklif almasına baxmayaraq, o, Bakını heç bir şəhərə dəyişməyib. Banişevski “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci ilə kimi daşıyıb. Bu müddətdə “Ağ-qaralar”ın heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

Əfsanəvi hücumçu 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında keçirdiyi 50 oyunda rəqib qapılarından 19 top keçirib.

Banişevski məşqçilik fəaliyyətinə 1981-ci ildə doğma klubu “Neftçi”də başlayıb. Bir il “Ağ-qaralar”da çalışdıqdan sonra Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi olub. O, SSRİ-nin əməkdar idman ustası idi. Müstəqillik dövründə Banişevski “Şöhrət ordeni”ylə də təltif edilmişdi.

Xatırladaq ki, Banişevski mədəaltı vəzi xəstəliyindən əziyyət çəkib. Sonra şəkər xəstəliyinə də mübtəla olub. Təəssüf ki, özü idmançı olsa da, səhhətində ciddi problemləri olub. Xəstəliyi 1979-cu ildə başlamışdı, 1988-ci ildə daha da kəskinləşdi. İynədən dəhşətli dərəcədə qorxurmuş. 51 yaşında o, 70-i haqlamış taqətsiz qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü.

Əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin dekabrında vəfat etdi. Banişevskinin ordenini qızına təqdim etdilər. Orden hazır olanda artıq onun sahibi həyatda yox idi. Ona münasibət birmənalıdır: “O, fenomen olub. O, Azərbaycanı heç nəyə – pula, şöhrətə dəyişməyib. Onun kimisi 100 ildə bir dəfə doğulur”.

Həmişə olduğu kimi, yenə dostları, sabiq oyundaşları, ailə üzvləri Banişevskini yad edəcək, onunla bağlı xatirələri bölüşəcəklər. Onun kimi dahini ildə cəmi iki dəfə – doğum və ölüm günündə xatırlamaq çox azdır. Azərbaycan futbolunun vur-tut bir fenomeni var. Onun adına hər hansı futbol turniri təşkil etmək bəlkə də “Tolik”in gələcək nəsillərin yaddaşında qalması üçün yaxşı vasitə olardı.

Ruhun şad olsun, dahi futbolçu!

ƏvvəlkiQadınların sevgidə etməməli olduğu 6 SƏHV
NövbətiABŞ AZƏRBAYCANA QARŞI SANKSİYALAR TƏTBİQ EDƏ BİLƏRMİ?