Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.