İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
“Report”un məlumatına görə, Azərbaycanı təmsil edən yunan-Roma güləşçiləri Nihad Quluzadə və Laçın Vəliyev finala yüksəliblər.
55 kq çəki dərəcəsində yer alan Quluzadə fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. O, yarımfinalda almaniyalı Georgios Skarpellodan da güclü olub – 5:1. Quluzadə finalda rumıniyalı Denis Mihayla qarşılaşacaq.
87 kq çəkidəki Vəliyev isə 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. O, 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. Azərbaycanlı pəhləvan yarımfinalda ermənistanlı Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Vəliyev finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.
Digər pəhləvanlara gəldikdə, 130 kq-da Heybulla Qıstarov mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk görüşündə macarıstanlı Adolf Başo ilə bacarmayıb – 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcüstanlı Mate Qokadze ilə münasibətləri aydınlaşdıracaq.
63 kq-da Ziya Babaşov ilk mərhələdə ukraynalı Oleq Xalilova 2:4, 77 kq-da Xasay Həsənli isə türkiyəli Yüksel Sarıçiçeyə 1:3 hesabı ilə məğlub olub. Bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.