Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC təlatümlü, geosiyasi baxımdan olduqca mürəkkəb, eyni zamanda, xalqımız üçün taleyüklü bir dövrdə yaranmışdı. Hadisələrin axarının hər an dəyişdiyi, müstəqil dövlətimizin başı üzərində qara buludlar dolaşdığı vaxtlar idi. Onun ilk xəbərinin işıq üzü görməsindən heç iki ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Üçrəngli, ay-ulduzlu bayrağımızın yerində sovet imperiyasının oraq-çəkicli qırmızı bayrağı asıldı. Beləcə, AZƏRTAC da millilikdən çıxıb ideoloji maraqlara xidmət etməli oldu.
Nəhayət, 28 il əvvəl azadlıq günəşi üzümüzə yenidən doğdu və AZƏRTAC-ın həyatında da yeni dövr başladı. O, indi beynəlxalq informasiya məkanında layiqli yer və mövqe tutan, dünyanın informasiya nəhəngləri ilə bir sırada dayanan, bütün qitələrdəki həmkarları ilə sıx əlaqələr qurub xəbər mübadiləsi aparan, səkkiz dildə xəbər yayan, xaricdə 22 müxbir məntəqəsi olan agentlikdir.
Tarixə qısa baxış
1919-cu il… Azərbaycan parlamentində və hökumətində milli xəbər agentliyinin yaradılması ilə bağlı qızğın müzakirələr gedir və bunun üçün imkanlar axtarılırdı. Təşkilati işlər, texniki avadanlıq əldə olunması və kadr axtarışları xeyli vaxt apardı.
1920-ci il martın 1-i… Qəzetlərdə “AZƏRTAC” imzası ilə ilk xəbər dərc olundu. İş yenicə sürət yığmağa başlamışdı ki, Cümhuriyyət süquta uğradı. Zamanın sərt küləkləri AZƏRTAC-ı da silkələməyə başladı. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı yeddi dəfə dəyişdirildi. O, faktiki olaraq Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) yerli filialına çevrildi. Həmin dövrün ziddiyyətlərinə və mürəkkəbliyinə, təbliğatın bütünlüklə sovet ideologiyası üzərində qurulmasına baxmayaraq, agentlik Azərbaycanın salnaməsini yazmaqda davam etdi.
1991-ci il oktyabrın 18-i… Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə milli mətbuatımızın, o cümlədən AZƏRTAC-ın qarşısında yeni üfüqlər açıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin milli maraqlara köklənən ideoloji əsasları quruldu və burada mediaya xüsusi yer ayrıldı. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bir nömrəli vəzifə kimi qarşıya qoyuldu. Ulu Öndər bunun çox vacib olduğunu böyük uzaqgörənliklə vurğulayaraq deyirdi: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”. O vaxtdan etibarən agentlik öz fəaliyyətini, qüvvə və səylərini bu istiqamətə yönəltməyə başladı…
Bütün qitələrlə əməkdaşlıq və xəbər mübadiləsi
İnformasiyanın dünya siyasətinə təsirinin xüsusilə gücləndiyi, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkə mediasının insanların gündəlik həyatına daxil olduğu bir vaxta beynəlxalq məkana yol tapmağın aramsız iş və axtarışlar, eləcə də həmkarlarla ünsiyyət qurmaq bacarığı tələb etdiyi sirr deyil. Digər tərəfdən etibarlı, dürüst xəbər qaynağı kimi tanınmalı, həmkarların inam və etimadını qazanmalısan.
Təxminən 20-25 il əvvəl belə uzun və çətin yola çıxan AZƏRTAC ötən müddətdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, hazırda 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), Ukrinform (Ukrayna), BELTA (Belarus), MTI (Macarıstan), Yonhap (Koreya Respublikası), Kazinform (Qazaxıstan), KYODO (Yaponiya), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı) və digər nüfuzlu xəbər yayımçıları var.
2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.
Bu istiqamətlərdə aparılan məqsədyönlü və fəal iş, qarşılıqlı faydalı əməkdaşlıq AZƏRTAC-ın eyni vaxtda iki mötəbər beynəlxalq media qurumuna sədr seçilməsi ilə nəticələndi.
Dünyanın iki ən böyük media qurumuna sədrlik
AZƏRTAC 2016-cı ildən iki ən böyük beynəlxalq media qurumuna – Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edir. Öz sıralarında dünyanın informasiya nəhənglərini birləşdirən bu təşkilatlara rəhbərlik etmək hüququ rotasiya qaydasında deyil, açıq səsvermə yolu ilə əldə olunub. Bu yerdə Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nquyen Duk Loinin sözlərini xatırlatmaq yerinə düşər: “Biz AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında liderlik fəaliyyətinə inanırıq”.
Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri 2016-cı ildə baş verdi. Bakı eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya ev sahibliyi etdi və bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya media tarixinə yazılmış oldu. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən çox aparıcı xəbər agentliklərini təmsil edən 200 nümayəndənin iştirak etdiyi bu tədbirlər Heydər Əliyev Fondunun və bilavasitə Fondun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi sayəsində yüksək səviyyədə keçdi və yaddaşlarda dərin iz qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılışında iştirakı, geniş nitq söyləməsi, daha sonra iştirakçıların bir qrupunu qəbul etməsi bu qlobal forumlara xüsusi ahəng verdi. Dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi kimi, Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.
AZƏRTAC hazırda bu iki beynəlxalq media qurumuna sədrliyi uğurla davam etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların imkanlarından maksimum bəhrələnməyə çalışır.
İnformasiya nəhəngləri ilə bir sırada
AZƏRTAC dünya xəbər məkanına getdikcə daha inamla çıxır, informasiya nəhəngləri ilə bir sırada addımlayır. Bu, təbii ki, dinamik inkişaf edən Azərbaycana artan maraqla, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsi ilə şərtlənir. Uğur açarı da elə budur.
Xarizmatik lider olan Prezident İlham Əliyev Azərbaycanı müasirləşdirmək, modernləşdirmək yolu seçib. Ölkəmizdə aparılan islahatlar dünyanın diqqətini cəlb edir və yüksək dəyərləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.
Bu inqilabi yeniləşmə ruhu ölkə mediasına da sirayət edir. Dövlətimizin başçısının diqqət və qayğısı, dəstəyi sayəsində AZƏRTAC müasir informasiya texnologiyaları ilə təchiz olunub. Agentliyin rəhbərliyi və nümayəndələri yüksəksəviyyəli media forumlarında mütəmadi iştirak etmək imkanı qazanıb. Eyni zamanda, dünyanın bir çox informasiya nəhəngləri müasir Azərbaycanın milli informasiya agentliyi ilə əməkdaşlıqda maraqlıdır.
Bu yaxınlarda İdarə heyətinin sədri Aslan Aslanovun Pekində Çinin ingilis dilində nəşr olunan gündəlik “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə iki media qurumunun əməkdaşlığı genişləndirmək istəyi ifadə olunub. Ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir.
AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurası çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edir. Sinxua agentliyinin prezidenti Çay Mincao və nazir statusunda baş redaktoru Hi Pinq, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, DPA agentliyinin prezidenti Piter Korpş, TASS-ın baş direktoru Sergey Mixaylov və baş direktorun birinci müavini Mixail Qusman, SPA agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah, FANA-nın baş katibi Fərid Əyyar və başqaları Azərbaycana dostcasına münasibət bəsləyir, AZƏRTAC-a daim dəstək olurlar.
Səkkiz dildə gündəlik 500 xəbər
Bu gün AZƏRTAC fasiləsiz olaraq səkkiz dildə – Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dillərində gündə orta hesabla 500-dək informasiya, o cümlədən video və foto xəbərlər yayır. O, beş qitənin hamısını əhatə edən geniş müxbir şəbəkəsinə malikdir. Agentliyin izləyici auditoriyası milyonlarla ölçülür.
Daha bir il ötəcək və Azərbaycanın ilk milli informasiya agentliyi yaranmasının 100 illiyini qeyd edəcək. Yayım coğrafiyasını və oxucu auditoriyasını daha da genişləndirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, yeni dostlar tapmaq, Azərbaycanın səsini və sözünü daha uzaqlara çatdırmaq – AZƏRTAC-ın yubiley ili üçün hədəfləri belədir.