Türkiyənin İstanbul şəhərində iyunun 28-də başlayan “ACE of MICE” turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir. Buradakı salon, zal və dəhlizlərdə Azərbaycanın turizm potensialını əks etdirən görüntülər əks olunur.
Azərbaycanın təmsil olunduğu stenddə yeni turizm destinasiyası olaraq təqdim olunan Qarabağa xüsusi maraq müşahidə olunub. Milli stendi ziyarət edən İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç işğaldan azad edilmiş Şuşa şəhərinə Türkiyədə böyük diqqətin olduğunu bildirərək yaxın zamanda buraya səfər edəcəklərini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunmuş ikitərəfli görüşlər zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin gələcək perspektivlərindən danışıb. Aparat rəhbəri Azərbaycan və Türkiyə əlaqələrinin turizm sahəsi üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiyadan sonra turizm və işgüzar tədbirlər sənayesinin gələcəyi” mövzusunda təşkil olunan panel görüşündə iştirak edib.
Florian Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənaye sahəsi olduğunu qeyd edərək postpandemiya dövründə rəqəbətədavamlı və daha dayanıqlı turizmin inkişaf etdirilməsinin mühümlüyünü vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva “Limitsiz turizm: turizm potensialının inkişaf etdirilməsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müsbət nəticələri” mövzusunda təşkil olunmuş panel görüşündə təmsil olunub. O, iki qardaş ölkə arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, “ACE of MICE” turizm sərgisi 30 iyunadək davam edəcək.
Dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi olan “ACE of MICE” turizm sərgisi 2014-cü ildən etibarən “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti tərəfindən təşkil olunur.
Sayca 8-ci dəfə keçirilən sərginin məqsədi iştirakçı ölkələrə yeni bazarlar və müştərilər qazandırmaqdır. 200 stendin təmsil olunduğu sərgiyə 3 gün ərzində 15 min ziyarətçinin qatılacağı gözlənilir. Sərgidə 11 əsas mövzu üzrə 69 spiker pandemiyadan sonra işgüzar turizm sənayesinin gələcəyinə dair çıxışlar edəcək.