Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə “Xocalı faciəsi: ürəklərdə sağalmayan yara” mövzusunda videokonfrans keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir ADG-nin Rusiya üzrə koordinatoru İlahə Ələkbərovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdikləri barədə ətraflı məlumat verib.

Xocalı sakini Anar Abdulov həmin dəhşətli gecə şahidi olduğu qanlı hadisələrdən danışıb. Bildirib ki, erməni faşistləri bu qırğını törətməklə xalqımızın iradəsini sındırmaq, gözünü qorxutmaq məqsədi güdsələr də, buna nail ola bilmədilər. “Bu ağrını hər zaman xatırladıq və daha da gücləndik. Bu cinayət onu törədənlərin insani dəyərlərdən uzaq olduğunu ortaya qoydu, çünki müdafiəsiz qalan qadınların, qocaların və məsum uşaqların soyuqqanlı və amansız şəkildə öldürülməsinə heç cür haqq qazandırmaq olmaz”, – deyə o bildirib.

Tədbirdə çıxış edən Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Azərbaycanın Rus İcması (ARİ) sədrinin müavini Anastasiya Lavrina, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Azərbaycan–Rus Gənclər Birliyinin idarə heyətinin üzvü Regina Kovaleva bildiriblər ki, Xocalı soyqırımı azərbaycanlıları qorxutmaq, mülki əhalinin evlərini tərk etmələri üçün qəsdən törədilmiş cinayət aktı olub. Onlar hər il 26 fevral tarixinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində azərbaycanlılarla yanaşı, qeyri-insani münasibəti qəbul etməyən xeyirxah insanlar tərəfindən də yad edildiyini, ölkəmizdəki rus gənclərinin öz həmvətənləri ilə birlikdə anım mərasiminə qatıldıqlarını, azərbaycanlılara yaşadılan vəhşətin izlərinin yaddaşlardan heç zaman silinməyəcəyini vurğulayıblar.

“Əlimizdəki rəqəmlər də dəhşətlidir. Cinayətkarlar cəzalandırılana qədər hamımız özümüzü xocalılı hesab etməliyik və dünya ictimaiyyəti tərəfindən Xocalıda törədilən soyqırımının tanınmasına nail olmalıyıq”, – deyə Q.Lavrina söyləyib.

 

ƏvvəlkiAzərbaycanda koronavirusdan 75 nəfər sağalıb, 72 yeni yoluxma faktı qeydə alınıb
NövbətiXalq artisti Yalçın Rzazadə vəfat edib