Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ilin fevralında Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və çadır şəhərciyində yaşayan ailələr ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, Kahramanmaraş şəhərində Südçü İmam Universitetinin daxilində hazırlanmış çadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru Alptekin Yasım ilə görüşüb. Vətəndaş cəmiyyəti nümayəndələrinə çadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat verilib.
Nümayəndə heyəti 5-15 yaşlı minə yaxın uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb. Vətəndaş cəmiyyəti nümayəndələri Prezident İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş şəhərində tikilən Heydər Əliyev adına məktəbin inşaat işlərinin gedişi ilə tanış olublar.
Sonra şəhərdə Xocalı faciəsinə həsr olunan park ziyarət edilib.