Fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar.
Nazir Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə guya “blokada” və “çətin humanitar vəziyyət” barədə heç bir dəlilin olmadığı barədə faktlar diqqətə çatdırılıb.
Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməməsi kimi öhdəliklərin kobud şəkildə pozulduğu bir daha xatırlanıb.
Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi ilə bağlı manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.
Tərəflər telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.