16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi və Bolqarıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi, həmçinin, hər iki ölkənin nəqliyyat sahəsində ixtisaslaşan qurumları arasında mövcud əməkdaşlıq imkanlarının artırılması və gələcək inkişafı mövzusunda video-konfrans keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, videokonfrans zamanı çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iki ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində geniş potensialın mövcud olduğunu bildirmiş və Azərbaycanda nəqliyyat sektorunda aparılan islahatlar, habelə mövcud nəqliyyat infrastrukturu layihələri barədə ətraflı məlumat vermişdir. Nazir müavini son dövrlər ölkənin nəqliyyat kompleksində, dəmir yolu, hava və su nəqliyyatında, yük və sərnişindaşıma sahələrində görülən işlər və bu istiqamətində aparılan islahatlardan danışmış, həyata keçirilməsi planlaşdırılan yeniliklər barədə məlumat vermişdir. Nazir müavini qeyd etmişdir ki, Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, tranzit və regional daşımaların artırılması, tranzit daşımaları və logistik proseslərin sadələşdirilməsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlər görülür.
Bolqarıstan Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Nikolay Naydenov öz çıxışında ölkəsinin Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsində və iki ölkə ərazisindən keçən tranzit yüklərin həcminin artırılmasında maraqlı olduğunu bildirib və bu istiqamətdə birgə davamlı iş aparmaq niyyətində olduqlarını söyləmişdir. Bununla yanaşı, Bolqarıstanın Qara dəniz sahilində yerləşən irimiqyaslı Burqas və Varna dəniz limanlarına, şaxələndirilmiş dəmir yolu şəbəkəsinə və Dunay çayı vasitəsilə Avropanın çay nəqliyyat sisteminə qoşulan geniş nəqliyyat-tranzit potensialına malik olduğunu vurğulayan nazir müavini Bolqarıstanda həyata keçirilən nəqliyyat layihələri barədə tədbir iştirakçılarına məlumat verib.
Videokonfrans zamanı çıxış etmiş Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri və nəqliyyat sahəsində geniş inkişaf perspektivləri barədə məlumat vermişdir. Səfir mövcud geosiyasi vəziyyət fonunda Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhlizin önəminin ciddi şəkildə artdığını nəzərə alaraq, bu dəhlizin təşviqi və müvafiq ikitərəfli əməkdaşlığın gücləndirilməsinin hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nəqliyyat bağlantılarının gücləndirilməsinin ikitərəfli ticarət dövriyyəsinin artırılmasına müsbət töhfə verəcəyini bildirən səfir qarşılıqlı iqtisadi maraqların təşviqi və səmərəli istifadəsi məqsədilə iki ölkə arasında dəniz, hava, avtomobil və dəmir yolları vasitəsilə yük daşımalarının artırılmasının önəmini diqqətə çatdırıb.
Daha sonra videokonfransda iki ölkənin hava yolları, dəmir yolları, mülki aviasiya administrasiyası və dəniz limanları agentliklərinin rəhbər heyətinin iştirakı ilə əməkdaşlıq imkanları və nəqliyyat daşımaları zamanı səmərəliliyin artırılması ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda hər iki tərəfdən ixtisaslaşmış işçi qrupları çərçivəsində müvafiq mütəxəssislərin iştirakı ilə ən yaxın zamanda görüşlərin davam etdiriləcəyi və videokonfrans zamanı müzakirə olunmuş məsələlərə dair əlavə məlumatların təqdim olunacağı razılaşdırılıb.