“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: “Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir. Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Bu, çox vacib məsələlərdən biridir. Bu gün orada mövcud olan bəzi çatışmazlıqları müzakirə edirik. Bu, əsasən, müəllimlərin yaşlanması ilə bağlıdır. Bununla bağlı bəzi Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var. Dövlət Komitəsinin sifarişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub”.