Səhiyyə Nazirliyində Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Qurbanməmmet Elyasovu Türkmənistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Türkmənistan münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Türkmənistan ilə əməkdaşlığımız beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Eyni zamanda, hazırda Azərbaycan Tibb Universitetində Türkmənistanın 6 vətəndaşı ali tibb təhsili alır”.
Qurbanməmmet Elyasovun səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışdığı illəri xatırladan Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. O, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasını bildirib.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, eyni zamanda postkovid dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığın bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi müzakirə olunub.