Sentyabrin 6-7-də Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində sayca 5-ci “Altay — türk xalqlarının qızıl beşiyidir” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Beynəlxalq konfransda Qazaxıstan arxeoloqları və türkoloqları ilə bərabər Fransa, Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Peru və digər ölkələrin alimləri də iştirak etmişlər. Azərbaycanı bu konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov təmsil etmişdir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, azərbaycanlı alimin konfransın plenar iclasında “Qıpçaqlar Azərbaycanda: toponimlərdə yaşayan tarix” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Daha sonra Tahir Şahbazovun S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü keçirilmişdir. Görüşdə azərbaycanlı alimin Azərbaycanın qıpçaq mənşəli toponimlərinə həsr olunmuş mühazirəsi dinlənilmiş və o, müasir türkologiyanın ayrı-ayrı problemləri, Azərbaycan-Qazaxıstan elm və təhsil əlaqələrinin hazırkı vəziyyəti, Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi və s. məsələlərlə bağlı çoxsaylı suallara cavab vermişdir. Səmimi və maraqlı fikir mübadiləsi şəraitində keçən görüş sonrası Tahir Şahbazova Universitetin rektorluğu tərəfindən təşəkkür məktubu təqdim olunmuşdur.