Tarixi dəyəri, mənəvi çəkisi olan hər sərvət mahiyyəti etibarı ilə xalqındır. Hətta bəlli bir şəxsin mülkiyyəti kimi saxlanılanda da özlüyündə tarixi məna daşıyan sərvət böyük ölçüdə mənsub olduğu xalqa, ölkəyə məxsus olaraq qalır. Bu yazılmamış qanundur. Uzun zaman keçsə belə, xalqa məxsus olan ona da qayıdır. Ona görə də belə sərvətlərin oğurlanması, qəsb edilməsi, qaçaqmalçılığı, qanunsuz dövriyyəsi hüquqi baxımdan cinayətdirsə, mənəvi nöqteyi-nəzərdən də xalqa, ölkəyə, tarixə qarşı qəsddir.
2021-ci ilin noyabrında Füzuli rayonunu işğalçılardan təmizləyən Azərbaycan hərbçiləri təcavüzkarın qaçaraq tərk etdiyi bir mənzildə bir neçə qutu tapırlar. Bunlar Azərbaycanın məşhur Azıx mağarasından oğurlanmış və işğalçıların xaricə ötürməyi planlaşdırdığı, lakin imkan tapmadıqları eksponatlar idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun sessiyasında “Müsadirə edilmiş cinayət mənşəli aktivlərdən necə səmərəli istifadə etmək olar?” adlı məruzənin müzakirələri zamanı deyib. Bildirib ki, hüquqi araşdırmalar nəticəsində cinayətkarlardan müsadirə edilmiş sərvətlərin xilas edilməsi vacibdir, onların xalqın, ölkənin sərvəti kimi istifadəsindən ötrü dərhal müvafiq addımlar atılması daha çox vacibdir.
Qeyd edib ki, kriminal burulğana düçar olan belə sərvətlərin müsadirə edilməsi ən çox gömrük şəbəkəsində müşahidə edilir. Azərbaycan təcrübəsində 2006-cı ilədək müsadirə edilən tarixi əhəmiyyətli maddi-mədəniyyət nümunələri müxtəlif muzeylərə, mədəniyyət mərkəzlərinə, sərgilərə, elmi-tədqiqat institutlarına təqdim olunurdu. Ancaq 2006-cı ilin martında Bakı şəhərində Gömrük Tarixi Muzeyi yaradıldıqdan sonra həmin sərvətlərin böyük qismi məhz bu muzeyə təqdim olunur. Bu gün Azərbaycanda irili-xırdalı 200-dən artıq muzey var. Adətən hər muzeyin özünəməxsus ayrıca bir istiqaməti olur. Lakin Azərbaycan Gömrük Tarixi Muzeyi digər muzeylərdən fərqlənir. Yəni Azərbaycan paytaxtında tarix, incəsənət, xalça, ədəbiyyat, arxeologiya, musiqi alətləri və sair profilli muzeylər fəaliyyətdədir. Təbii ki, hər muzeydə də eksponatlar profilə uyğun toplanıb sistemləşdirilir. Lakin gömrük muzeyində ən müxtəlif istiqamətlərə aid 600 nadir eksponat sıralanıb. Burada Azərbaycan, Qərbi Avropa və Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans İmperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid “Quran” və “İncil” nüsxələri, ikonalar, müxtəlif dinlərə məxsus əşyalar nümayiş olunur. Bu muzeydə nümayiş olunan eksponatların hər birinin kriminal dövriyyəyə qatılma və xilas olma tarixi var. Macəralı taleyi olan belə sənət incilərini zövq ala-ala, rahatca seyr edərkən həm də onu düşünürsən ki, bu gözəlliklər cinayətkarların caynağından qoparılıb. Onlara məxfi yollarla sahiblənmiş bir-iki nəfərdən başqa daha heç kim görməzdi. Ancaq onlar bu muzey vasitəsilə yenə xalqın olur.
“Təkcə gömrükçülərimiz deyil, Azərbaycan hərbçiləri də dünya əhəmiyyətli tapıntıları ilə hamını sevindirdilər. 2021-ci ilin noyabrında Füzuli rayonunu işğalçılardan təmizləyən hərbçilər təcavüzkarın qaçaraq tərk etdiyi bir mənzildə bir neçə qutu tapırlar. Bunlar Azərbaycanın məşhur Azıx mağarasından oğurlanmış və işğalçıların xaricə ötürməyi planlaşdırdığı, lakin imkan tapmadıqları eksponatlar idi. Qutuların üstündəki yazılardan hərbçilərə məlum olur ki, bunlar Avropada 300 min il əvvəlki ilk yaşayış məskənlərindən olan Azıx mağarasından qəsb edilmiş misilsiz elmi və tarixi dəyəri olan nadir sərvətdir. Ləngimdən bütün bunları mərkəzə çatdırırlar, alimlərin ixtiyarına verirlər. Beləliklə, daha bir gözəllik xilas edilərək yenidən xalqa qaytarılır. “Dünyanı gözəllik xilas edəcək” deyirlər, ancaq gözəlliyin özünü də daima xilas etməyə ehtiyac var!”, – deyə R.Hüseynov bildirib.