Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub.
Belə ki, “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına müsabiqənin “Əlverişli mühit” nominasiyası üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi “Danışan kitabxana” layihəsi layiq görülüb.
“Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər günün istənilən vaxtı, “15 41” nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audiokitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45.000-dən çox müraciət qeydə alınıb.
“Danışan kitabxana”nın sosial əhəmiyyəti onun daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.
Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının Akselerassiya proqramının qalibi, “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin İnkubasiyasının rezidenti olan “DataForest” startapı da “İKT tətbiqləri: e-Biznes” kateqoriyası üzrə “Çempion layihə” adına layiq görülüb.
“Dataforest” müxtəlif məlumatları özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbə olaraq dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır.
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sözügedən beynəlxalq müsabiqəsinə ölkəmiz adından bir sıra layihələr təqdim edilib. Təqdim edilən layihələrdən 9-u məhz Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu layihələrdən 5-i müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilərək səsvermə mərhələsində iştirak hüququ qazanmışdı.
Ümumilikdə bu il müsabiqəyə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən 1140 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 1062-si uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 72 “Çempion layihə”, 18 isə qalib layihə seçilib.