Azərbaycanlı professorun qısa müddətdə koronavirusla bağlı kitab yazması sosial şəbəkələrdə maraqla qarşılanıb. Bu məqamda “Qafqazinfo” kitabın müəllifi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlu Vəlizadə ilə görüşərək kitab haqda söhbətləşib.
Yazar bildirib ki, “Korona virusu Azərbaycan genetikasında” kitabı 392 səhifədir və Qanun Nəşriyyatında çap olunub.
Kitabda verilən materiallar keçmiş ittifaqın, Böyük Britaniyanın, İranın, Suriyanın, İraqın, Türkiyənin, Norveçin və Kanadanın, ABŞ Elmi-Tədqiqat İnstitutlarının materialları əsasında hazırlanıb:
“Bu kitab 18 ilin araşdırması nəticəsində yazılıb. Mən nə edim ki, illərin vəbası bu gün koronavirus adlandırılır?! Bu, birinci cilddir. 10 cildlik kitabdır və adı genetik ölüm adlanır. Bu, əslində viruslar kralı olan vəbadır. Kitabın adını birinci “Viruslar kralı” qeyd etmişdim. Daha sonra koronavirus yayılandan sonra qərara aldıq ki, adını bu səpkidə dəyişək. İlkin olaraq 500 nüsxə çap olunub. Ancaq başqa nəşriyyatlar da müraciət edib, görüşmüşük, çap olunması gözlənilir.
İkinci cild xərçəng sindromlarına həsr olunacaq, məsələn. Bu kitablar ən aşağı ziyalının, tələbənin evində olmalıdır. Özüm yazdığım üçün demirəm, hər bir insan genetikasını bilməlidir”.
İndiyə kimi 37 kitabın müəllifi olan R. Novruzoğlunun genetika sahəsində bir çox təhlil və tədqiqatları var:
“Dünyanın bir çox ölkəsində olmuşam, son olaraq da 7 il Əfqanıstan sərhəddində tədqiqat aparmışam. Ölkədə genetikanı araşdıran, məşğul olan yoxdur. AMEA-da genetika inistutu var, ancaq bitkiçiliklə məşğul olurlar. Qılçıqsız buğda, yarpağı solmuş kələm, tikansız qızılgül. Bunlar cəmiyyətə lazım deyil. Səhiyyə Nazirliyində genetika inistitutu yoxdur. Bu, meteoroiddən gələn bir bəladır. Nə isti, nə də soyuq təsir edir. Mən kitabda qabaqlayıcı tədbirlərlə bağlı müəyyən məlumatlar vermişəm. Generalların içindən gətirilmiş məlumatlardır. Gör heç bir nəfər maraqlanır? Ancaq ordan ingilis zəng vurdu, alman zəng vurdu, Çindən belə zənglər gəlir. Biz amma maraqlanmırıq. Deyirlər, harda tutdu, orda ölərik”.
Günel Hacı
Foto: Nuran Məmmədov