ABŞ-nin Texas ştatında Beynəlxalq Kopernik olimpiadası təşkil olunub. Ölkəmizi “Global Olympic Center”-in rəhbərliyi altında 24 nəfərlik müxtəlif məktəblərdə təhsil alan istedadlı şagirdlər təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz Fizika və Astronomiya üzrə 3, Təbiət elmləri üzrə isə 5 kateqoriyada mübarizə aparıblar. 28 ölkənin iştirak etdiyi final mərhələsidə şagirdlərimiz müxtəlif kateqoriyalarda 7 bürünc, 12 gümüş və 2 qızıl medal qazanıb. Qızıl medalçılarımızdan Yusif Tahirli dünya ikincisi, Qaraxan Cəlilsoy isə dünya üçüncüsü adına layiq görülüb. Şagirdlərimiz müxtəlif əyyarlı medallar, sertifikatlar və elektronik hədiyyələr əldə ediblər.
Sonda olimpiada qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Mahmud Seyidov çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. M.Seyidov gənc fizika və təbiət elmlərinə maraq göstərən şagirdlərimizə uğurlar arzulayıb.
Mükafatlandırma mərasiminin sonunda Qarabağ futbol klubunun oyununda oynanılmış və Qarabağ klubunun oyunçuları tərəfindən imzalanmış top Kopernik Olimpiadasının baş koordinatoru Marina Bronzeriyə təqdim edilib.