Azərbaycanlı vunderkind, 5 yaşlı Maqsud Yusifzadə şahmatda özündən yaşca böyükləri udur və kalkulyatordan daha sürətli hesablayır.
Bu barədə “Report” Rusiyanın “MİR” telekanalına istinadən xəbər verir.
“Maqsud danışmamışdan əvvəl saymağa başlayıb. Onun ilk sözləri ana və ata yox, bir, iki, üç olub. İlk oyuncaqları isə şahmat fiqurları – piyadalar, fillər və atlar olub”, – telekanalın süjetində deyilir.
Atası Zaur Yusifzadənin dediyinə görə, Maqsudu şahmat məktəbinə qoymaq istəyəndə hələ 4 yaşı olmadığından onu məktəbə qəbul etmək istəmirdilər.
Telekanal qeyd edir ki, bir il sonra uşaq turnirdə 8 yaşlı şahmatçıları məğlub edərək qızıl medal qazanıb.
Bununla yanaşı, Maqsud kompüterlə hesablama yarışına qatılır, anası onu bazara aparanda isə kalkulyatordan tez hesablayır.
“O, dərhal nə qədər ödəyəcəyimi, nə qədər qalıq pul qaytarılmalı olduğunu deyə bilər. Çalışırıq ki, onun bu əməyindən öz məqsədlərimiz üçün istifadə etməyək. Ancaq bu, əladır, əsl köməkçimizdir”, – vunderkindin anası Elnarə Yusifzadə vurğulayıb.
Telekanal bildirir ki, 6 ölkədən 300 vunderkindin qatıldığı zehni riyaziyyat üzrə olimpiada zamanı Maqsud Yusifzadə ikinci yeri tutub.