“Azərişıq” hava şəraiti ilə bağlı hazırlıq tədbirlərinə başladı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yanvarın 16-dan etibarən ölkə ərazisində baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hazırlıq tədbirləri görüb.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, “Azərişıq” ASC nəinki qeyri-sabit hava şəraiti ilə bağlı, digər günlərdə də əhaliyə xidmət göstərmək, ölkə ərazisinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 24 saat işləyir: “Yanvarın 16-dan hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə də daxil olub. Bununla əlaqədar istər Bakı şəhərində, ətraf kənd və qəsəbələrində, istərsə də bütün regionlarda növbətçilik təşkil olunması ilə bağlı əmr və sərəncamlar imzalanıb. Yanvarın 15-dən artıq bu sərəncam qüvvədədir. Məqsədimiz mütəmadi olaraq istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasıdır. Artıq yanvarın 15-dən yerlərdə bununla bağlı hazırlıq tədbirləri görülüb, mal-materiallar, maşın mexanizmləri hazır vəziyyətə gətirilib. Ucqar rayonlarda və kəndlərdə elektrik xətlərinin keçdiyi meşə sahələri, yaşıllıqlarda elektrik xətlərinə mane olan ağacların budanması da həyata keçirilib. Çalışırıq ki, hava şəraitindən asılı olmayaraq istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin edək, hətta qısamüddətli fasilələr də yaranmasın. Əgər bizdən asılı olmayan səbəblərdən bu cür hallar yaranarsa, əməkdaşlarımız onun operativ aradan qaldırılmasına hazır olmalıdır”.

T.Mustafayev bildirib ki, əgər hər hansısa bir ərazidə elektrik enerjisinin verilməsində problem yaranarsa, bu barədə dərhal “199” Çağrı Mərkəzinə məlumat versinlər.

Əvvəlki65 vakant vəzifə üçün ümumi müsahibə keçiriləcək
Növbəti“Azərsu” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi