AZAL və “Air Astana” kod-şerinq formatında əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıb.

Trend xəbər verir ki, AZAL və “Air Astana” arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək. Bu, səyahət planlamasında rahatlıq və çevikliyi təmin edəcək.

Kod-şerinq təcrübəsi mülki aviasiyada geniş istifadə olunur və aviaşirkətlər arasında müqavilələrə əsaslanır. Bu əməkdaşlıq çərçivəsində aviaşirkətlərdən biri qeyd edilmiş istiqamətlərə uçuşlar yerinə yetirir, digər aviaşirkət isə öz kodu ilə bu reyslərə aviabiletlərin satışını həyata keçirir.

Kod-şerinq müqaviləsi çərçivəsində aviaşirkətlər həftədə 5 dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə birgə uçuşlar həyata keçirəcək.

Bu tərəfdaşlıq iki ölkə arasında turizm axınının inkişafına kömək edəcək, həmçinin səyahət seçimini və rahatlığını genişləndirərək sərnişinlərə hər iki aviaşirkətin xidmətlərindən istifadə etmək imkanı verəcək.

ƏvvəlkiNaxçıvan MR-ın gənclər və idman naziri vəzifəsindən azad edilib, səlahiyyətləri müavinə verilib
NövbətiYanvar-iyun aylarında Türkiyənin Tekirdağ limanı 10 milyon tondan çox yük qəbul edib