Milli aviasiya günü münasibətilə Bakıda təşkil olunmuş “Aviation Day Azerbaijan” tədbiri çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalanıb.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, hər iki sənədi AZAL-ın prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman imzalayıblar. Razılaşmaların əsas hədəfi IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlarının İdarə edilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiq edilməsidir.
“Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 mln. nəfər təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 11% çoxdur. Burdan dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmək ilə yanaşı, səyahət etmək istəyənlər üçün də böyük üstünlükdür”, – deyə Rafael Şvartsman bildirib.
O, həmçinin qeyd edib ki, 2020-ci ildə IATA-nın ən mühüm beynəlxalq təhlükəsizlik konfranslarından biri – “Safety and Flight Ops Conference” Bakıda keçiriləcək.
Qeyd edək ki, AZAL artıq 26 ildir IATA-nın tamhüquqlu üzvüdür.