Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən, tərkibi yenidən formalaşdırılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “AzerGold”un idarə heyətinin sədri Zakir İbrahimov və digər üzvləri iştirak ediblər.
İlk olaraq “AzerGold”un Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri R.Nəcəf qeyd edib ki, “AzerGold” fəaliyyət göstərdiyi qısa müddət ərzində dağ-mədən sahəsində ciddi uğurlar qazanaraq Azərbaycanın qeyri-neft sektorunun aparıcı ixracatçıları sırasında qərarlaşıb. Hazırda dövlət şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində QSC-nin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə olunmasını müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası “AzerGold” QSC-nin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaq.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “AzerGold”un korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.