“Azerspace-2” peyki orbitə buraxılması üçün Kuru kosmodromuna gətirilib

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

“Azərkosmos” ASC-dən “Report”a verilən məlumata görə, peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədi ilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

ƏvvəlkiYupiterdən 12,7 dəfə böyük və qeyri-adi işıq saçan planet aşkarlanıb
NövbətiBALAKƏN RAYONUNDA AŞKAR EDİLMİŞ ALBAN KİLSƏSİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR