Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi Nuhin Xəlilov Ankara Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və “SABAH” qruplarının III kurs tələbələri Nurtəkin Quliyeva və Leyla Şəfiyeva Rumıniyanın Cluj-Napoca Texniki Universitetində təhsil almaq hüququ əldə ediblər. Həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Nurlan Nərimanov və Nabat Yusifli Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində, həmin fakültənin II kurs tələbəsi Mirəli Əlili Polşanın Povislanski Universitetində bir semestr ərzində təhsil almaq hüququ qazanıblar.
Rektor Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.